Xatırladaq ki, klub rəhbərliyi daha əvvəl “İnter” rəhbərliyi ilə bu transferlə bağlı razılıq əldə etdiyini və futbolçu ilə danışıqlar apardığını açıqlamışdı. Təxminən 2 həftə davam edən danışıqlar müsbət nəticələnib və hollandiyalı ulduz “Qalatasaray”ın təklifini qəbul edib. U. Sneyder bu gün İstanbula gələcək.
Hələlik klub anlaşmanın detallarını açıqlamayıb. Mətbuat “Qalatasaray”ın “İnter”ə 7,5 milyon avro ödəyəcəyini və U. Sneyderlə 3,5 illik müqavilə imzalayacağını xəbər verir.
U. Sneyder 1984-cü il təvəllüdlüdür. Futbola ölkəsinin “Ayaks” (Ayax) klubunda başlayıb. 2007-ci ildə “Real” (Madrid) klubuna, 2009-cu ildə isə “İnter”ə transfer olub. U. Sneyder 90 dəfə Hollandiya milli komandasının formasını geyib.