Bakı – APA. “Təbii ki, uduzmağımızın əsas səbəbkarı baş hakimdir. Həmin epizodda hansısa penaltidən söhbət belə gedə bilməzdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
“Qarabağ” rəhbərliyi ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi” ilə dünən keçirilmiş ilk qarşılaşmanın hakim idarəçiliyindən narazı qalıb.
Belə ki, Ağdam təmsilçisi öndə olduğu vaxt matçın baş hakimi Anar Salmanovun qəzəbinə tuş gəlib. FİFA referisi 63-cü dəqiqədə “Qarabağ”ın qapısına şübhəli penalti təyin edib ki, bu da sonradan daha bir top buraxaraq 1:2 hesabı ilə uduzan qonaq komandanın narazılığına səbəb olub.
“Bütün Azərbaycan həmin epizodda qayda pozuntusunun olmadığını gördü. “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo 2 futbolçumuzu keçəndən sonra özünü yerə atdı. Anar Salmanov sanki onun yıxılmasını gözləyərdi. Qapımıza heç nədən penalti təyin etdi. Biz sözümüzü oyunda, meydanda deyirik. Bəziləri kimi, meydandan kənar sensasion açıqlamalarla gündəmə gəlmək niyyətimiz yoxdur. Sadəcə, haqqın öz yerini tapmağını istəyirik” – deyə, Çəlikəl bildirib.
“Qarabağ” rəsmisi vurğulayıb ki, müraciət etdikləri Peşəkar Futbol Liqasından rəsmi cavab gözləyir: “Biz hakimliklə bağlı şikayət etmişik. Peşəkar Futbol Liqasının mövqeyini gözləyirik. İndiki vəziyyətdə gözləməkdən başqa çarəmiz yoxdur. Yəqin ki, bu günə, sabaha cavab deyərlər. Bu məsələdə haqlı qərar çıxarılacağına inanırıq” .