Bakı – APA. “UEFA-nın qərarından narazı olduğumuz üçün apellyasiya şikayəti etdik. Şikayətimizə fevralın 19-da baxılacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəl deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçında sayılmayan qola görə UEFA-ya şikayət edən Ağdam klubu müsbət cavab almayıb. Nəticədə “köhlən atlar” apellyasiya şikayəti ediblər.
Çəlikəlin sözlərinə görə, onlar bu məsələdə sona qədər gedəcəklər: “Biz əlimizdən gələni edirik. UEFA-nın mövqeyini gördük. Onlar hakimə haqq qazandırmağa çalışırlar. UEFA böyük qurumdu, amma onların hakimi cəzalandırmamaqları bizim üçün sürpriz oldu. Düzdü, bu qurum öz qərarları ilə bağlı açıqlama vermir. Yəni hakimi gizli şəkildə də cəzalandıra bilərlər. Çünki onlar bayaq da dediyim kimi, hakimləri müdafiə edirlər. Amma bu faktdı ki, biz haqsızlıqla üzləşmişik. Söhbət təkcə “Qarabağ” yox, ümumilikdə Azərbaycana edilən haqsızlıqdan gedir”.
Çəlikəl apellyasiya şikayətindən müsbət cavab çıxmayacağı halda, FİFA-ya müraciət edəcəklərini bildirib: “Yenə deyirəm, bizim haqqımız tapdalanıb. Hakimin səhv qərarına görə, etiraz edə bilmərik. Çünki bu, qaydalarda yoxdu. Amma çexiyalı Miroslav Zelinkanın final fitini 48 saniyə tez səsləndirməsinə görə etiraz etməyə haqqımız çatır. Səylərimizi davam etdirəcəyik. Lazım olsa, bu məsələni uzadacağıq. Apellyasiya şikayətindən də bir şey çıxmasa, FİFA-ya müraciət edəcəyik”.