Bakı – APA. “Feyenoord”da çalışdığım vaxt “Qəbələ”dən gələn təklifi qəbul etdim. Azərbaycanda özümü xoşbəxt sayıram. Burada çalışmaq, yeniyetmə futbolçularla işləmək çox xoşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard deyib.
Hollandiyalı mütəxəssis verdiyi geniş müsahibədə Azərbaycandakı fəaliyyətinə də toxunub: “Təbii ki, ustalıq səviyyəsi də, oyunçuların sayı da, futbolun tarixi də Hollandiya ilə müqayisədə geridədi. Lakin bütün uşaqlar Çempionlar Liqası və xarici çempionatları izləyir. Burada qarşıma 3 məqsəd qoymuşam. Birincisi, əsas komandaya futbolçu yetişdirmək. İkincisi, məşqçilərin səviyyəsinin qaldırılması və sonuncusu, məktəblərdə futbol ehtiyatlarının artırılmasıdı. Biz də bunun üzərində çalışırıq. Hazırda akademiyamızda 10-19 yaşlı 100 futbolçu var. Onlar burada olmalarına sevinirlər. Çünki bilirlər ki, burada yaxşı məşqçilərin rəhbərliyi altında hazırlıq keçirlər. Akademiyamız inkişaf edir. Futbolçular da burada peşəkar kimi yetişmək istəyirlər”.
Brard yetirmələrini Hollandiyaya aparacağını da açıqlayıb: “Bu ilin martında U-14 komandamız Hollandiyaya gedəcək. Orada “Feyenoord”, PSV, “Utrext”lə yoxlama oyunları keçirməyi planlaşdırırıq. İstəyirəm ki, oyunçularımızın real gücünü belə rəqiblərlə görüşlərdə görək. Bu, yaxşı təcrübə olacaq. Ötən il U-19 komandamız Braziliyada turnirdə çıxış etdi. Onlar uduzdu ki, buna da bir sıra səbəblər var idi. Amma komandamız braziliyalılara qarşı yaxşı oynadığından, nəticə məni məyus etmir. Futbolçularımız isə buna üzülüblərsə, deməli, inkişaf olacaq”.
Qeyd edək ki, Brard 2013-cü ildən “Qəbələ” Futbol Akademiyasına rəhbərlik edir.