Bakı – APA. “Artıq vətənimə yollanıram. Çox güman müqaviləmi uzatmayacağam”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Lorival Assis deyib.
Özünə yeni komanda axtaracağını bildirən braziliyalı legioner Azərbaycanda qalmağa da razıdır: “Azərbaycandan təklif olsa, oynamağa hazıram. “Qəbələ” və azarkeşləri daim ürəyimdə olacaq. Mövsümü normal başa vurduq. Ən azı komanda avrokuboklarda oynayacaq. Mən isə bu mövsüm daha çox ehtiyatda oturdum. Ona görə də mənə oynayacağım komanda lazımdır”.
Yeri gəlmişkən, Lorival Assisdən sonra “Qəbələ”dən daha 2 futbolçunun gedəcəyi rəsmiləşib. Bunlar zədəli olduqları üçün oynamayan braziliyalı qapıçı Dieqo Koşta Silva və serbiyalı müdafiəçi Nikola Valentiçdir.