Bakı – APA. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin 2015-ci ilin ən güclü futbolçusu adına kimi layiq hesab etdiyi bəlli olub. Apasport.az saytının məlumatına görə, 46 yaşlı çalışdırıcının “Qızıl top” mükafatının sorğusunda səs verdiyi “üçlük” açıqlanıb.
Prosineçki birinci pillədə “Barselona”nın argentinalı futbolçusu Lionel Messinin adını qeyd edib. Onun fikrincə, “Qızıl top”un 4 qat qalibi 5-ci dəfə eyni uğuru təkrarlamalıdı.
“Real”ın portuqaliyalı üzvü Kriştianu Ronaldonu ikinciliyə layiq görən Prosineçki siyahıda 3-cü olaraq “Bavariya”nın və Almaniya yığmasının oyunçusu Tomas Müllerin adını qeyd edib.
“Qızıl top” mükafatına son 3 iddiaçının adının açıqlandığını nəzərə alsaq, Prosineçkinin artıq 1 səhv etdiyini deyə bilərik. Belə ki, onun “bürünc mükafatçı”sı Müller “üç”dən kənarda qalıb. Əvəzində Messi və Ronaldo ilə birlikdə “Barselona”nın braziliyalı hücumçusu Neymar da “Qızıl top”a namizəddi.