Bakı - APA. “Azərbaycan millisi ilə oyun dünya çempionatı öncəsi bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ yığmasının və “Los-Anceles Qalaksi” klubunun futbolçusu Omar Qonsales deyib.
Təcrübəli müdafiəçisi Azərbaycanla sabah baş tutacaq oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. “Nürnberq”in sabiq futbolçusunun sözlərinə görə, millimizin ən önəmli üstünlüyü komanda şəklində yaxşı mübarizə aparmasıdır: “Xüsusilə, müdafiə olunarkən bu kollektivi məğlub etmək çox çətinləşir. Təbii ki, Portuqaliya və Almaniya milliləri ilə yaxın müddətdə üz-üzə gəlmələri bizim üçün daha yaxşıdır. Çünki dünya çempionatında əsas rəqiblərimizin Avropadakı daimi rəqibi ilə oynayacağıq. Komanda olaraq bu görüşə çox ciddi yanaşırıq və yaxşı hazırlaşmışıq”.
ABŞ yığmasının qapıçısı Tim Hovard da Azərbaycanla oyunun əhəmiyyətindən danışıb. “Everton”un şərəfini qoruyan qolkiper bildirib ki, mundial öncəsi keçirəcəkləri yoxlama görüşləri onların hazırlığında mühüm yer tutacaq: “Azərbaycanla oyun bizim üçün yaxşı olacaq. Təlim-məşq toplanışları həmişə çətin olur. Ona görə ki, lazım olanı əldə etmək üçün çoxlu məşq etməlisən. Bundan sonra isə əyləncə başlayır. Bizim dünya çempionatına kimi düzgün formaya düşməyimiz üçün yoldaşlıq görüşlərində qarşılaşacağımız 3 rəqib var. Ümid edək ki, bu oyunlar bizə müsbət təkan verəcək və dünya çempionatına tam hazır olacağıq”.
Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.