Bakı – APA. İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson karyerasını başa vurur. Apasport.az saytı xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada şotlandiyalı çalışdırıcıya xidmətlərinə görə təşəkkür edilir: “Ser Aleks Ferqyusson karyerasını bitirir. Çox sağ olun, ser Aleks”.
Qeyd edək ki, 72 yaşlı mütəxəssis baş məşqçi karyerasına 1974-cü ildə başlayıb. 39 illik çalışdırıcılıq karyerasının 27 ilini “Mançester Yunayted”də keçirən və əfsanəyə çevrilən Ferqyusson komandasına 20-ci - yubiley İngiltərə çempionluğunu qazandıraraq karyerasını bitirir.
1986-cı ildən bu klubda çalışan baş məşqçi çempionluqlardan 13-nün memarıdır. Bundan başqa, onun rəhbərliyi altında klublararası dünya çempionatı, Qitələrarası kubok, UEFA Superkuboku, 2 dəfə Çempionlar Liqası, Kuboklar kuboku, 5 İngiltərə kuboku, 4 Liqa kuboku qazanılıb.