Bakı – APA. İngiltərə Premyer Liqasının son turundan sonra “Mançester Yunayted”dən ayrılan əfsanəvi məşqçi Aleks Ferqyussonun ardınca daha iki çalışdırıcı da komandadan gedib. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın heyətində şotlandiyalı mütəxəssisin köməkçiləri Mayk Felan və Erik Stil ingilis klubu ilə yollarını ayırıb.
Buna “Mançester Yunayted”ə təyin edilən David Moyesin yeni heyətlə işləməsi səbəb olub. Hər iki şəxsin hansı komandaya gedəcəyi ilə bağlı hələ ki, məlumat verilməyib.
Qeyd edək ki, Felan 2001-ci ildən Mançester təmsilçisində işləyib. 2008-ci ildən isə o, Ferqyussonunun köməkçisi vəzifəsində çalışıb. Stil isə 2008-ci ildə komandaya qapıçı məşqçisi olaraq gəlib.