Bakı-APA. “Beşiktaş”ın hücumçusu Huqo Almeyda “Sevilya” klubundan aldığı transfer təklifinə müsbət yanaşdığını deyib. APA-nın məlumatına görə, “Estadio Deportivo” qəzetinə açıqlama verən Almeyda Türkiyədə özünü xoşbəxt hiss etdiyini deyib: “Amma özümü inkişaf etdirmək istəyirəm. Sevilya mühüm turnirlərdə özünü təsdiqləmiş bir klubdur. 28 yaşım var, burada günüm xoş keçir. Amma İspaniya və İngiltərə dünyanın ən güclü liqalarıdır. Hər oyunçu bu çempionatlarda forma geyinmək istəyər”.
Qeyd edək ki, “Verder”dən “Beşiktaş”a 2 milyon avroya transfer olunan Almeydanın müqaviləsinə əsasən, hansısa klub 10 milyon avro təklif edəcəyi təqdirdə futbolçu sərbəst qala bilər. Hələlik “Beşiktaş” klubu Almeydanın “Sevilya”ya transfer olunmaq istəyinə dair açıqlamalar verməyib. Almeyda bu mövsümdə “Beşiktaş” forması ilə 9 qol vurub, 6 məhsuldar ötürmə verib.