Bakı – APA. “Azərbaycanda işləmək variantım olmayıb. Ancaq ölkənizdə böyük məmnuniyyətlə çalışardım. Azərbaycan məndə müsbət təəssürat yaradıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında vaxtilə “Mançester Yunayted” klubunun şərəfini qorumuş məşhur rusiyalı futbolçu Andrey Kançelskis deyib.
Ötən əsrin sonlarında “qırmızı şeytanlar”ın heyətində bir sıra nailiyyətlər qazanan keçmiş yarımmüdafiəçi hazırda Rusiya Premyer Liqasında çalışır. Belə ki, “Volqa”da məşqçi işləyən 44 yaşlı Kançelskis gələcəkdə baş məşqçi kimi Azərbaycanda işləmək təklifinə müsbət baxır.
Rusiya yığmasının sabiq futbolçusu mayın 1-də Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşündə iştirak etmək üçün Bakıya gələcək: “Məmnuniyyətlə yenidən ölkənizə gələcəyəm. Yaxşı təklif olanda, işləmək həmişə xoşdur. Mən tərəfdən Azərbaycanda işləmək istəyi var. Özümü ölkənizdə göstərmək istərdim. Görək, necə olacaq. Bəlkə Azərbaycandan dəvət gəldi, işlədim. Buna hazıram. Əsas odur təklif gəlsin, ünsiyyət qurub, əməkdaşlığı müzakirə edərik”.