Bakı-APA. Ötən gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Qarabağ” səfərdə ilk matçına çıxıb.
Ağdam klubunun rəqibi Makedoniya “Metallurq”u olub. Baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub edib, növbəti mərhələyə keçdikləri Skopye təmsilçisinə yenə qalib gəlib. Belə ki, ilk hissədə oyunda üstünlüyünü artıran təmsilçimiz fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarıya daha surətli başlayan “Qarabağ” 64-cü dəqiqədə Reynaldo ilə hesabı açıb. Matçın sonlarına doğru ağdamlılar bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, istəklərini reallaşdıra bilməyiblər və qarşılaşma 0:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 11-də Bakıda keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
2 iyul
“Metallurq” (MAKEDONİYA) – “Qarabağ” (AZƏRBAYCAN) - 0:1
QOL: Reynaldo, 64
Baş hakim: Lars Kristoffersen (Danimarka)
Skopye. “Filip II” stadionu.