Bakı - APA. 2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib. Apasport.az saytının məlumatına görə, millimiz qrup mərhələsində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.
Buna Albaniya yığmasının turnirdə iştirak etməkdən imtinası səbəb olub. Futbolçularımızın 3 komandanın yer aldığı qrupdakı digər rəqibi Yaponiya komandasıdı.
Qeyd edək ki, turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmalar mübarizə aparacaq.