Bakı – APA. Çempionlar Liqasının 2013/14 mövsümündə II təsnifat mərhələsinin püşkatması zamanı Azərbaycan təmsilçisinin yer alacağı səbət müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının çempionunun səpələnmişlər sırasında yer alacağı dəqiqləşib.
Belə ki, bu ada namizəd olan hər iki komanda – “Neftçi” və “Qarabağ”ın əmsalı 5,708-ə bərabərdir. Bu isə artıq komandamızın güclülər sırasında olub, nisbətən zəiflə qarşılaşacağı deməkdir.
34 komandanın iştirak edəcəyi mərhələdə səpələnəcək 17 klubdan 10-u məlumdur. Daha 4 ölkənin hələ adına aydınlıq gəlməyən çempionu da bu klublara qoşulacağı bəllidir.
Azərbaycan çempionunun potensial rəqibi olacaq 17 klubdan 9-nun adı dəqiqidir. Daha 3 ölkənin çempionu da onlara qoşulacaq. Üstəlik, Andorra, San-Marino, Farer adaları və Ermənistan komandalarının oynayacağı I təsnifat mərhələsinin 2 klubu da onlara qoşulacaq.
Digər 6 çempionun hansı səbətdə yer alacağı isə hələ dəqiqləşməyib. Bu da onlardan 4-nün adının müəyyənləşməməyi ilə bağlıdır.
Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), “Dinamo” (Xorvatiya, 25,9160), “Maribor” (Sloveniya, 9,941),“Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), Çexiya, Polşa, Serbiya və Azərbaycan çempionları
Səpələnməmişlər: “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels. 3,766), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), Malta, Monteneqro, Makedoniya çempionları, I təsnifat mərhələsinin 2 qalibi
Qeyri-müəyyənlər: “Dinamo” (Gürcüstan, 5,333), “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), Slovakiya, Bolqarıstan, Moldova və Lüksemburq çempionları