Bank Of Baku

Azərbaycan klublarının avrokuboklarda rəqiblərini qəbul edəcəyi stadionlar müəyyənləşib

Azərbaycan klublarının avrokuboklarda rəqiblərini qəbul edəcəyi stadionlar müəyyənləşib
# 20 iyun 2013 12:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan klublarının avrokuboklarda növbəti mövsümdə istifadə edəcəyi stadionlar müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, AFFA-nın qitə miqyaslı turnirdə 4 təmsilçimiz – “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın stadionları ilə bağlı UEFA-ya göndərdiyi rəsmi məktub təsdiqlənib.

Məlum olub ki, himayəsində olan “Şəfa” stadionunda rəqiblərini qəbul edə bilməyəcək “İnter” 2 arena sifariş edib. Komanda çıxış edəcəyi Avropa Liqasında I və II təsnifat mərhələlərinin oyunlarına “Bayıl Arena”, III və IV üçünsə “Dalğa Arena”nı göstərib. “Bankirlər”in 2 stadionda oynamağında öz istəyi ilə yanaşı, müəyyən tələblər də rol oynayıb. Çünki AFFA-nın Bayıl və Mərdəkan qəsəbəsində istifadəyə verdiyi bu arenalar beynəlxalq standartlara cavab versə də, fərqlər var. Bunlar ilk növbədə azarkeş tutumu ilə bağlıdır ki, “Dalğa Arena” bu baxımdan “Bayıl Arena”nı xeyli üstələyir. Həmçinin, qrup mərhələsinə yaxınlaşdıqda tələblər sərtləşdiyindən, “İnter” üçün yalnız Bayıldakı stadion yetərli deyil.

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” ardıcıl 2-ci mövsüm təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda oynamayacaq. “Ağ-qaralar” ötən mövsüm daxili yarışlarda icarəyə götürərək, istifadə etdiyi “Bakcell Arena”dan yararlanacaq.

Respublika stadionunda isə Avroliqadakı digər təmsilçimiz “Qarabağ” çıxış edəcək. 2009-cu ildən qitəmiqyaslı oyunları burada keçirən ağdamlılar yenə eyni arenanı sifariş edib. Turnirdəki daha bir klubumuz - “Xəzər Lənkəran” isə 2010-cu ildən etibarən Avropada da oyunlarını keçirdiyi Lənkərandakı şəhər mərkəzi stadionunda oynayacaq.

Qeyd edək ki, “Şəfa”nın qarşısındakı yolda təmir işləri getdiyindən, UEFA orada beynəlxalq matç keçirməyə icazə verməyib. Respublika stadionunda ötən yay yenidənqurma işlərinə görə bağlı olduğundan, həmin vaxt iştirakçılarımızdan Bakı klubları – “Neftçi”, “İnter” və “Bakı” “Dalğa Arena”da oynamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR