Bakı – APA. Futzal üzrə Azərbaycan millisi fevralda yoxlama oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, yığmamızın Qazaxıstanla sınaq matçı keçirməsi gözlənilir.
Bu görüş hər iki komandanın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyacaq. Belə qarşılaşmanın baş tutması haqda məlumatı Qazaxıstanın baş məşqçisi Kakau açıqlayıb.
O bildirib ki, hazırda sınaqçı rəqib axtarışındadılar. Kakau bununla bağlı Azərbaycanla danışıqların aparıldığını, millimizin baş məşqçisi Faustino Pereslə də söhbət etdiyini qeyd edib.
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirin ilk turunda Qazaxıstan millimizə 4:1 hesabı ilə qalib gəlib.