Bakı-APA. Azərbaycanın 21 yaşadək yığmasının futbolçusu Timur Təməltaş karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, iyunun 8-də Makedoniya ilə seçmə mərhələ oyununda yığmamızda rəsmən debüt edən yarımmüdafiəçi III liqa klubu “Altınordu” ilə 3 illik müqavilə bağlayıb.
Bununla da İzmir klubu 4-cü transferini reallaşdırıb. Yaxınlarda Türkiyə mətbuatının “Qalatasaray”ın hədəfində olduğunu yazdığı Timur keçidi barədə bunu söyləyib: “Özümü inkişaf etdirib “Altınordu” ilə birlikdə yuxarı dəstələrə çıxacağam”.
Qeyd edək ki, millimizin futbolçuları Arif İsayev, Cihan Özkara və Ufuk Budak da Türkiyədə çıxış edir. Timurdan az öncə isə yığmamızın hücumçusu Branimir Subaşiç I divizion təmsilçisi “Orduspor”a keçərək, 2 illik müqavilə imzaladı.