Bakı – APA. “Karyeramla bağlı yekun qərarımı hələ verməmişəm. Gözləyirəm, görək necə olacaq?” Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.
“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra klubsuz qalan 35 yaşlı qolkiperin adı “Bakı” ilə birgə hallanır. Həsənzadənin özü də paytaxt təmsilçisindən təklif aldığını təsdiqləyib. “Zolaqlılar”a hələ ki cavab verməyən Cahangir karyerasını bitirə də bilər: “Uzun müddətdi futboldayam. Təbii ki, nə vaxtsa futboldan gedəcəm. Hələlik qərar verməmişəm. Amma sərfəli təklif gəlməsə, karyeramı bitirəcəm”.
Qeyd edək ki, 1998-2007-ci illərdə Azərbaycan millisinin də şərəfini qorumuş Həsənzadə “Xəzər Lənkəran”dan əlavə, “Neftçi”, “Volın”, “Tavriya”, “Qarabağ”, “İnter”, “Qəbələ” və AZAL klublarının formasını geyinib.