Bank Of Baku

Berti Foqts: “Azərbaycan əhalisinin 4 milyonu bu qarşılaşmanı həyəcanla gözləyir”

Berti Foqts: “Azərbaycan əhalisinin 4 milyonu bu qarşılaşmanı həyəcanla gözləyir”
# 26 may 2014 10:27 (UTC +04:00)

Bakı -APA. “Artıq bir neçə gündür hazırlığımız davam edir. Ancaq unutmaq olmaz ki, 12 saatlıq fərq var və bu amil futbolçuların da hazırlıq prosesinə öz təsirini göstərir. Bu baxımdan yaranan problemləri aradan qaldırmağa çalışırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ-da jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

 

San-Fransiskoda təlim-məşq toplanışında olan və mayın 28-də ABŞ-la qarşılaşacaq yığmamızın oyunun keçiriləcəyi “Candlestick Park” stadionunda açıq məşqi olub. Hazırlıqdan öncə almaniyalı mütəxəssis qarşılaşmaya hazırlıq və ABŞ millisi barədə danışıb.

 

O bildirib ki, yoxlama matçına maraq çox yüksəkdir: “Bildiyiniz kimi, AFFA-nın baş katibi də hazırda San-Fransiskodadır. O ki, qaldı azarkeşlərə. Görüş Bakı vaxtilə səhər saat 7-də olacaq. Azərbaycan əhalisinin 4 milyonu bu qarşılaşmanı həyəcanla gözləyir”.

 

Foqts Azərbaycan millisini ABŞ-ın dünya çempionatındakı rəqiblərindən olan Portuqaliya ilə oyun üslubu baxımından müqayisəyə gəlmədiyini də vurğulayıb: “Bu müqayisə heç düzgün olmazdı. Portuqaliya milli komandası hazırda reytinq baxımından dünyanın ən güclü 3-cü komandasıdır. Digər rəqib Almaniya seçməsi sıralamada ikinci, Azərbaycan milli komandası isə 85-ci yerdə qərarlaşıb. Ona görə bu milliləri müqayisə üçün eyni tərəziyə qoymaq doğru olmazdı. Təbii ki, nə taktiki, nə də texniki baxımından”.

 

Təcrübəli mütəxəssis dünya çempionatında ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi hansı işləri görəcəyindən də danışıb. Onun sözlərinə görə, mundialda bu vəzifəni tutmaq Azərbaycan yığmasının xeyrinə hesablanıb: “Bu danışıq təbii ki, əvvəlcə AFFA prezidenti tərəfindən razılaşdırıldı və daha sonra baş katiblə məsləhətləşmələrdən sonra mənim bu vəzifədə işləməyim məqsədəuyğun sayıldı. Bu mənim işim baxımından da uğurlu addım oldu. Çünki dünya çempionatında bizim gələcək seçmə mərhələdəki rəqiblərimizdən olan İtaliya və Xorvatiya komandaları da mübarizə aparacaqlar. Təbii ki, bütün bu məqamlar mənim dünya çempionatındakı fəaliyyətimin kifayət qədər xeyirli olacağından xəbər verir. Həm Amerika, həm də Azərbaycan milli komandası üçün”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR