Bakı – APA. Heyətində ciddi islahatlar aparan “Xəzər Lənkəran” daha bir aparıcı futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Tieqo de Xesusun artıq “ağ-yaşıllar”la heç bir bağlılığı qalmayıb.
28 yaşlı braziliyalı futbolçunun klubla müqaviləsi başa çatdığından, onunla sözləşmənin uzadılmamağına qərar verilib. Bu məlumat klub tərəfindən də təsdiqlənib.
Əslində, “ağ-yaşıllar” Tieqoya yeni 2 illik müqavilə təklif etməyi planlaşdırırdılar. Lakin klubun strategiyasını dəyişməsi rəhbərliyi fikrindən daşındırıb. Digər əcnəbi futbolçularla isə danışıqlar davam edir.
Qeyd edək ki, hələlik yalnız 3 əcnəbi futbolçu – Sadio Tounkara, Vyekoslav Tomiç və Alfred Sanko “Xəzər Lənkəran”da qalmağa razılıq verib.