Bakı - APA. Bu gün Azərbaycanın əfsanəvi futbolçularından olmuş mərhum Anatoli Banişevskinin doğum günüdür. Apasport.az saytının məlumatına görə, 15 illik karyerasını bir komandada – “Neftçi”də keçirən keçmiş hücumçunun 67 yaşı tamam olur.
1946-cı il fevralın 23-də anadan olan A. Banişevski “ağ-qaralar”ın heyətində (1963-73, 75-78) SSRİ çempionatında 211 oyunda 81 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc medalını qazanan Tolik həmin ildə SSRİ yığması ilə dünya çempionatında analoji uğura imza atıb. O, 50 oyunda 19 qol vurduğu SSRİ yığması ilə 1972-ci ildə Avropanın vitse-çempionu olub.
SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov Klubunun üzvü olan A. Banişevskinin məşqçilik karyerası qısa olub. O, “Neftçi”də (1981-82) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-87), Burkina Fasonun gənclər yığmasında (1987-88) və “Kəpəz”də (1988) baş məşqçi işləyib. Anatoli 2003-cü ildə Azərbaycanın son 50 il ərzində ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Banişevski 1997-ci il oktyabrın 21-də ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib.