Bakı-APA. Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Fransada reallaşan görüşdə yerli PSJ İspaniya nəhəngi “Barselona”nı qəbul edib. İlk dəqiqələrdən oyunda diktə edən “Barsa” 38-ci dəqiqədə hesabı açaraq fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Fasilədən sonra meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olub. Bundan sonra isə tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan 2:2 hesablı sülhlə ayrılıb.
Münhendəki qarşılaşma isə Çempionlar Liqasının kubokunu dəfələrlə qazanmış 2 klubun qarşıdurması olub. Ötən il finalda uduzan “Bavariya” öz meydanında “Yuventus”u sınağa çəkib. “Bavariya” hər hissədə qonaqları bir dəfə mərkəzdən başlamağa məcbur edərək inamlı qələbə qazanıb – 2:0.
Qeyd edək ki, bu gün meydana çıxan 1/4 finalçılardan “Barselona” və “Bavariya” hərəsi 4, “Yuventus” 2 dəfə bu yarışın qalibi olub.
1/4 final, ilk oyunlar
2 aprel
PSJ (Fransa) - “Barselona” (İspaniya) - 2:2
Qollar: İbrahimoviç, 79; Matyuydi, 90 - Messi, 38; Xavi, 89 (pen)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 2:0
Qollar: Alaba, 1; Müller, 63
Baş hakim: Mark Klattemburq (İngiltərə)