Bakı – APA. Bu gün “ABU Arena” idman sarayında Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan qurumlar arasında Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birinciliyin açılış mərasimi keçirilib.
DGK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib, komandalara uğurlar arzulayıb.
S.Mehdiyev Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, bölgələrdə gənclərin idmana və bədən tərbiyəsinə axınını, eləcə də respublikamızın rayonlarında dünya standartlarına cavab verən olimpiya idman komplekslərinin istifadəyə verilməsini, bu işlərin geniş vüsət almasını, eləcə də bu günlərdə ilk Avropa Olimpiya Oyunlarının respublikamızın paytaxtında keçirilməsinin qərara alınmasını dövlətimizin dünya miqyasında idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirib. Sonda bir daha komandalara uğurlar arzulayan S.Mehdiyev futzal yarışını açıq elan edib.
Rəsmi açılış mərasimindən sonra yarışlara start verilib. Yarışlarda iki qrup üzrə 16 komanda mübarizə aparır. Bu gün keçirilən oyunlarda Naxçıvan DGK Gəncə Gömrük İdarəsini 11:0, Bakı Baş Gömrük İdarəsinin II komandası Dövlət Gömrük Komitəsini 7:5, Biləsuvar Gömrük İdarəsi Gəncə Gömrük İdarəsini 7:2 və nəhayət, Naxçıvan DGK Sumqayıt Baş Gömrük İdarəsini 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirə mayın 10-da yekun vurulacaq.