Bakı – APA. Futzal üzrə Azərbaycan yığması yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, komandamız Avro-2014-ün seçmə mərhələsindəki uğuru ilə futzal tariximizdə görünməmiş nailiyyət əldə edib.
Slovakiyada keçirilən qrup oyunlarında Norveçi 6:0, Bosniya və Herseqovinanı 3:2, meydan sahiblərini 2:1 hesabı ilə yenən yığmamız qrup birincisi olmaqla, Belçikadakı final mərhələsinə vəsiqə qazanıb. Millimiz ardıcıl 3-cü dəfə qitənin ən güclü 12 komandası sırasında oynamaq imkanı əldə edib.
Həlledici mərhələyə 3-cü dəfə yüksəlməsinə baxmayaraq, yığmamız 2 ilki gerçəkləşdirib. Belə ki, komandamız tarixində ilk dəfə seçmə mərhələni qrup qalibi kimi başa vurub. İndiyədək millimiz ən yaxşı halda qrup 2-cisi kimi final mərhələsinə yüksəlirdi. Avro-2010-un da, Avro-2012-nin də seçmə mərhələlərində Alesionun yetirmələri 2-ci yerlə bunu bacarmışdı.
Ümumiyyətlə, 4 dəfə mundiala - DÇ-2000, DÇ-2004, DÇ-2008, DÇ-2012, 8 dəfə qitə çempionatına (1996, 1999, 2001, 2003, 2005, 2007, 2010, 2012) vəsiqə uğrunda mübarizə aparan komandamız 12 seçmə mərhələnin heç birində 100 faizli nəticə göstərməmişdi. Ən yaxşı halda millimiz 3 oyunda 2 qələbə və 1 heç-heçə ilə Azərbaycana qayıtmışdı.
Sayca 13-cü seçmə mərhələdə isə millimiz ilk pilləni və 100 faizli nəticəni qazanmaqla tarixində görünməmiş 2 nəticəni gerçəkləşdirdi.