Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Polşada keçiriləcək 4-cü qrupa təyinat alan FİFA dərəcəli hakimimiz Orxan Məmmədov iki matç idarə edəcək.
Bu ildən beynəlxalq dərəcəli hakim olan Məmmədovun Avropa arenasında debütü martın 21-nə təsadüf edəcək. Həmin gün baş tutacaq İrlandiya – Yunanıstan qarşılaşmasında ədalət təmsilçisi məhz həmyerlimiz olacaq. Görüşün yan xətt hakimlərindən biri isə Mübariz Haşımov olacaq.
Martın 23-də oynanılacaq Polşa – Yunanıstan qarşılaşmasında Orxan Məmmədov 4-cü hakim funksiyasını yerinə yetirəcək. Mübariz Haşımovun köməkçi hakim olacağı həmin oyunda fit sahibi gürcüstanlı Giorgi Kruaşvili olacaq.
Martın 26-da keçiriləcək qrupun son turundakı İrlandiya – Polşa oyunu da Orxan Məmmədova həvalə edilib. Haşımovla yanaşı, serbiyalı Nemanya Petroviç onun köməkçisi olacaq. Srdjan Yovanoviç (Serbiya) isə dördüncü hakim kimi meydana çıxacaq.