Bakı - APA. İsveçrə polisi FİFA-nın İcraiyyə Komitəsində çalışan daha 2 yüksək vəzifəli şəxsi həbs edib.
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ABŞ hökumətinin tələbinə əsasən korrupsiya ittihamı ilə keçirilən əməliyyat nəticəsində KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) prezidenti Xuan Anhel Nopaut və KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika, həmçinin Karib dənizi hövzəsi ölkələrinin futbol federasiyası) prezidenti Alfredo Xavita tutulub.
Nopaut və Xavita Sürixdə yerləşən “Baur au Lac” otelində həbs ediliblər. Onlar çirkli pulların yuyulmasında və dələduzluqda günahlandırılırlar.
Həbs olunan hər iki vəzifəli şəxsin ABŞ-a ekstradisiya olunması ilə bağlı xahişə günün sonunda baxılacaq. Əgər tutulan şəxslərdən hansısa ekstradisiyaya qarşı çıxsa, bu məsələyə 40 gün ərzində baxıldıqdan sonra qərar qəbul ediləcək.
Həbs edilən FİFA-nın digər üzvlərinin kimliyi də gün ərzində açıqlanacaq.