Bank Of Baku

Mais Mənsimov: “Şəxsən mənə hesabat verəcək”

Mais Mənsimov: “Şəxsən mənə hesabat verəcək”
# 09 iyun 2014 08:06 (UTC +04:00)

Bakı - APA. “Dənizli ilə yolların ayrılmasından dərhal sonra komandaya rəhbərlik Oğuz Çətinə tapşırıldı. Çempionatın son turunda da komandanı meydana məhz o çıxarmışdı. Amma bu məsələdə son söz klubun fəxri prezidentinin idi. Yekun qərar verildikdən sonra təyinat rəsmiləşdi”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov deyib.

 

Oğuz Çətinin baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirən Mənsimovun sözlərinə görə, təyinatın Mustafa Dənizlinin istefasından təxminən 3 həftə sonra rəsmiləşməsi səbəbsiz deyil: “Oğuz Çətinlə hələ çempionatın son turundan öncə ətraflı müzakirələr aparmışıq, komandanın vəziyyəti ilə bağlı geniş fikir mübadiləmiz olub. O, artıq altı aydır komandanın daxilindədir və bu müddət ərzində yol verilən nöqsanlar, mövcud olan çatışmazlıqlar barədə tam məlumatlıdır. Problemləri görmək məsələnin bir tərəfidir. Mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq lazımdır. Burada isə Çətin bilik və bacarığını ortaya qoymalıdır. Klub rəhbərliyi bu işdə ona tam olaraq güvənir”.

 

Mənsimov transfer siyasətinə də toxunub: “Transfer işində məşqçilərə lazım olan şəraiti daim tam olaraq yaratmışıq. Son transfer dövründə də Dənizlinin istəyi ilə komandaya kifayət qədər istər yerli, istər xarici futbolçu cəlb olundu. Bütün bunlar heç də az olmayan vəsaitin hesabına başa gəldi. Əlbəttə ki, bu transferləri müqabilində baş məşqçinin qarşısında mövsümü yaxşı nəticə ilə başa vurmaq öhdəliyi qoyulmuşdu. Amma nəticədə, təəssüf ki, gözlədiklərimizin və söz verilənləri tam əksi oldu”.

 

Prezident sabiq baş məşqçi Mustafa Dənizlinin mətbuatda yayılan son açıqlamalarına da aydınıq gətirib. Məlum olub ki, onun klubda qalacağı və rəhbər vəzifə tutacağı doğru deyil: “Biz Mustafa Dənizli ilə dostcasına ayrıldıq. İşgüzar münasibətlərimiz sona çatdı, amma buna baxmayaraq təcrübəli mütəxəssislə dost olaraq qalacağıq. Oğuz Çətin isə artıq baş məşqçi olaraq işini görəcək və gördüyü işlər haqqında yalnız şəxsən mənə hesabat verəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR