Moskva. Fərid Əkbərov - APA. Moskvanın “Lujniki” İdman Arenasında Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkilatçılığı ilə Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri keçirilib.
APA-nın Rusiya bürosunun məlumatına görə, 2009-cu ildən bu yana keçirilən, artıq ənənə şəklini alan turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və RAGT İdarə Heyətinin üzvü Emin Hacıyev iştirakçıları təbrik edərək, onlara uğurlu oyun və həqiqi qələbə arzulayıblar.
Bu il “Heydər Əliyev kuboku” turnirində Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələr və RAGT-nin regional bölmələrinin təmsil etdiyi 24 komanda iştirak edib. Qrup mərhələsində qalib gəldiyi oyunların sayına görə ilk yeri tutan komanda play-off mərhələsinə yüksəlib.
Turnirin qalibi Moskva Dövlət Humanitar İqtisadiyyat İnstitutunun (MDHİİ) komandası olub. MDHİİ artıq beşinci dəfə “Heydər Əliyev kuboku” turnirinin qalibi adını qazanıb. İkinci yeri "Bakı" komandası tutub. Turnirin bürünc medallarının sahibləri isə yarımfinal oyunun iştirakçıları olan Azərbaycanın Rusiyadakı səfirliyinin komandası və Moskva Dövlət Hüquq Akademiyasının komandası olub.
Turnirin “ən yaxşı qapıçısı” Cavid İbrahimov, bombardiri Murad Qarayev, “ən yaxşı oyunçusu” isə Anar Kərimov olub.