Bakı – APA. “Əsas heyətin bir neçə futbolçusu “Ağsu” ilə oyundan öncəki məşqlərə də çıxmamışdı. Biz də məcburiyyətdən səfərə 12 futbolçu ilə yollanmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Lokomotiv” klubunun baş məşqçisi Novruz Əzimov deyib.
Dünən I divizionun XIV turu çərçivəsində baş tutan “Ağsu” – “Lokomotiv” matçının yalnız ilk hissəsi oynanılmışdı. Əzimovun sözlərinə görə, ikinci hissəyə çıxmamaqlarının səbəbi futbolçuların mədə-bağırsaq sisteminin pozulması olub: “Futbolçular yolda “buterbrod” yemişdilər. Görünür, bu, onlara pis təsir etmişdi. Oyun vaxtı 5 nəfər meydana çıxa bilməyəcəyini dedi. Biz də 7 oyunçu ilə çıxış etməli olduq. Birinci hissədə də bir futbolçu zədələndi. 6 oyunçu ilə çıxış etməyə icazə olmadığından, ikinci hissə oynanılmadı”.
Oktyabrdan bəri maaşlarını almadıqları üçün oynamaqdan imtina edən futbolçuların tezliklə “Lokomotiv”dən qovulması gözlənilir. Baş məşqçi isə onları başa düşdüyünü bildirib: “Futbolçular bu mövsüm cəmi bir ayın maaşını alıblar. Onları da qınamıram. Çünki indiyə qədərki oyunlarda çıxıb mübarizə aparıblar. Qış fasiləsinin yaranmasına cəmi bir tur qalıb. Yəqin ki, bu məsələyə də axırıncı turun oyunundan sonra baxılacaq”.
Qeyd edək ki, “Ağsu” – “Lokomotiv” oyununun ilk hissəsində meydan sahibləri 2:0 hesabı ilə öndə olublar.