Bakı – APA. “İlk dəfədi bir yerdəyik. Təlim-məşq toplanışı keçirik. Məşqlərə 2 gündü başlamışıq. Şərait yaxşıdı. Komandadan razı qalmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Toplanışı dəyərləndirən xorvatiyalı çalışdırıcı futbolçulardan razı qaldığını bildirib: “Oyunçularda motivasiya çox yüksəkdi. Nizam-intizam da əla vəziyyətdədi. Maksim Medvedev yüngül zədəsinə görə evə qayıtdı. Onu müayinədən keçirdik, gördük ki, saxlamağın mənası yoxdu. Göndərdik ki, müalicə alsın. Birinci məşq bərpa prosesi idi. Çünki ondan qabaq çempionat oyunlarına çıxmışdılar. İkinci məşqdə fiziki yükləmələr oldu. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, potensialları var. Düzdü, vaxtımız azdı. Amma Malta ilə oyunöncəsi də hazırlıq keçəcəyik”.
Prosineçkinin sözlərinə görə, bu hazırlıq konkret AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə oyuna hesablanmış proqramdı: “Sözsüz ki, hücum xəttinə üstünlük veririk. Mən Antalyaya gələndə demişdim ki, bütün məşqlər Malta ilə oyun üçün qurulub. Komandam hücum futbolu oynamasını istəyirəm. Amma müdafiəyə də fikir verməliyik”.
Xorvatiyalı mütəxəssis bir gün öncə fərdi məşq edən Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib. O bildirib ki, sabah "Şaxtyor"la yoxlama oyununda kapitanın mövqeyində vitse-kapitan Ruslan Abışov çıxış edə bilər: “Rəşadda yüngül zədə var. Dünən risk etmək istəmədik, buna görə də fərdi məşq etdi. Tibbi müayinəyə gedib. Zədəsinin nə dərəcədə ciddi olması ondan sonra bilinəcək. Rəşadın sabahkı oyunda iştirakı vacib deyil. Əsas odu ki, gələn ay Maltaya qarşı oynasın. Malta ilə matçda oynatmağı fikirləşdiyim futbolçular təki zədə almasınlar, həmin vaxt tam hazır olsunlar. Sabah Rəşad oynamasa, müdafiənin mərkəzində Ruslan çıxış edəcək”.
Prosineçki komandamızda özünəinam hissinin yaranmasının sirrini də açırlayıb: “3 gündü bir yerdəyik. Qısa zamanda özlərinə inanmağa başlayıblar. Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Mən səmimi insanam. Sizə də onları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdu. Mənim üçün vacibdi ki, sistemimə uyğun, formada olan oyunçu olsun. Mən onlara üstünlük verəcəyəm. Burda olan 22 oyunçu və xarici klublarda çıxış edib, icazə ala bilməyənlər və "Neftçi"nin üzvləri hamısı doğmadı. Onlar millidə oynamağa layiq futbolçulardı. Mən məşqçi kimi əlimdən gələni edəcəm ki, futbolçular özlərinə inansınlar. Başa düşsünlər ki, hər rəqibə qarşı çıxıb oynamalı, çəkinməməlidilər. Əsas odu ki, mən və siz yox, oyunçuların özləri buna inansınlar. Çalışacam ki, Azərbaycan yığması qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var. Bu seçmə mərhələdə 4 oyun keçirmişik, 1 qol vurmuşuq. Bütün oyunları izləmişəm. Gördüm ki, əvvəllər ancaq müdafiə düşünülüb. Mən bunu dəyişmək istəyirəm. Futbolçuların mentalitetini dəyişdirmək istəyirəm ki, onlarda qalib ruhu formalaşsın. O demək deyil ki, 8 futbolçu ilə qabağa gedəcəyik. Futbolda müdafiə də çox vacibdi. Amma baxımlı, gözəl oyun göstərməliyik. Hər futbolçu bilməlidi ki, o, öz vətəni üçün oynayır. Görsəm ki, hansısa futbolçu əlindən gələni etmir, onu bir daha millidə görməyəcəksiz”.
Azərbaycan millisinin baş məşqçisi legionerlər barədə də danışıb. O bildirib ki, ölkə xaricində top qovan futbolçularımızın bəziləri əsas komandada yer alacaqlar: “Biz hər şeyi açıq danışmalıyıq. Mən və köməkçilərim xaricdə oynayan futbolçuların çıxışını hər dəfə analiz edirik. Maraqlanırıq ki, klublarında neçə dəqiqə oynayırlar. Nazarov 20 dəqiqə, yarım saat çıxış edir. Lakin əsas heyət oyunçusu deyil. Mahir Şükürov əsas heyətdə daim yer alır. Cavid İmamverdiyev az oynayır. Vaqif Cavadov "Boluspor"a keçəndən sonra 10-12 dəqiqə çıxış edir. Eddi İsrafilov dünyanın güclü liqalarından birində çıxış edir, amma fakt budu ki, o da hazırda oynamır. Tuğrul Erat da 10-15 dəqiqə meydanda olur. Amma bir neçəsini millinin heyətində görəcəyik. Eddi İsrafiova gəlincə, İspaniya La Liqasında oynamamaq bir az fərqlidi. Amma Türkiyədə oynamamaq... O çempionatın səviyyəsini aşağı salmaq istəmirəm, məni düzgün başa düşün. Məşqçi kimi istərdim ki, legioner həyatı yaşayan futbolçularımızın hamısı oynasınlar”.