Bakı – APA. Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd Robert Prosineçkinin mümkün köməkçilərinin adını açıqlanıb.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssisin təyinatı rəsmiləşsə, ona Qordan Çipriçlə Draqan Spasiç kömək edəcək.
Bunu Prosineçkinin özü Xorvatiya mətbuatına açıqlayıb. O bildirib ki, hazırda bu məşqçiləri köməkçisi kimi nəzərdə tutub.
49 yaşlı Çipriç Türkiyədə çalışdığı vaxt “Kayserispor”da da Prosineçkinin köməkçisi olub. 16 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bir çox klubda müxtəlif vəzifələrdə - baş məşqçi, məşqçi, skaut, fərdi məşqçi, gənclər komandasının çalışdırıcısı kimi işləyib. Bunadək isə futbolçu kimi orta səviyyəli klublarda top qovub.
Spasiç də “Kayserispor”da Prosineçkinin köməkçisi olub. 45 yaşlı çalışdırıcı zəngin karyerası ilə öyünə bilməz. Spasiç futbolçu kimi vətənində yalnız kiçik klublarda çıxış edib.