Bakı – APA. “Azərbaycandan konkret təklif almışdım. Amma orada çalışmaq variantından imtina etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Astra” klubunun baş məşqçisi Marius Şumuditsa deyib.
45 yaşlı mütəxəssis qış fasiləsində karyerasını Azərbaycanda davam etdirmək variantı ilə üz-üzə qaldığını açıqlayıb. O, bu addımı hazırkı klubunda qarşısına qoyduğu hədəflərlə izah edib: “Bu təklifi qəbul etməyimdə real problem yox idi. Amma təklif o qədər cəlbedici idi ki, “yox” demək mümkünsüz görünürdü. Düzdü, müqaviləmdə elə şərt var ki, “Astra”dan ayrılmağımda çətinlik yaradır. Amma bu klubdan getməyi özüm də istəmirəm. Komandamla hər üç ölkədaxili mükafata yiyələnmək istəyindəyəm. Bunu bacarsam, Çempionlar Liqasında mübarizə aparacağıq”.
Şumuditsa təklif aldığı klubun adını açıqlamasa da, böyük ehtimalla bu komanda “Neftçi”di. Çünki Əsgər Abdullayevi postunda saxlamağa qərar verənədək məhz bakılılar əcnəbi çalışdırıcı axtarırdı. Paytaxt təmsilçisinin rəsmiləri Türkiyədə 5 baş məşqçi ilə danışıqlar apardığını da açıqlamışdı. Amma onların adları gizli saxlanılmışdı.
Bunlardan birinin serbiyalı Milan Rastavaç olduğu üzə çıxmışdı ki, indi də Şumuditsanın həmin “beşlik”də yer aldığı bəlli olub.
Qeyd edək ki, baş məşqçi fəaliyyətinə 2006-cı ildə başlayan Şumuditsa bu müddətdə 16 klubda çalışıb.