Bakı – APA. Avrokuboklarda qış fasiləsi başa çatır. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmalarla 2014/15 mövsümünün ikinci hissəsi start götürəcək.
2015-ci ilin ilk qitə miqyaslı oyunları Çempionlar Liqası çərçivəsində keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin 4 cütü bu həftə ilk matçlarına çıxacaq. Digər 4 cüt isə münasibətlərini gələn həftə aydınlaşdıracaq.
Nəhənglərin mübarizəsi 2 qarşılaşma ilə başlayacaq. İlk oyunlardan Fransadakı görüşə maraq daha böyükdü. Parisdə yerli PSJ İngiltərə təmsilçisi “Çelsi”ni sınağa çəkəcək. Loran Blanın komandasının heyətlə bağlı problemləri var.
Belə ki, Yohan Kabay, Markinyoş, Serje Aurier və Lukas Moura zədə ucbatından “Çelsi” ilə oyunu buraxacaq. Bundan əlavə, Xavyer Pastore və Maksvellin də “zadəganlar”la matçda iştirakı sual altındadı. Qonaqların isə heyətlə bağlı ciddi problemi yoxdu.
Digər oyunda isə Antalyada yoxlama matçında Azərbaycan millisinin rəqibi olacaq “Şaxtyor” Ukraynada “Bavariya”nı qəbul edəcək. Ukraynalıların heyətlə bağlı bir problemi var. Taras Stepanenko ÇL-in qrup mərhələsində 3 sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və bu səbəbdən “Bavariya” ilə ilk oyunda komandasına kömək edə bilməyəcək. “Bavariya”nın heyətində isə cəzalı oyunçu yoxdu. Almaniya təmsilçisi ilə ilk görüşdən sonra Türkiyəyə yollanacaq “Şaxtyor” fevralın 24-də yığmamızla üz-üzə gələcək.
Fevralın 18-də isə pireneylilərin Mərkəzi Avropa səfəri ilə əlamətdar olacaq. İspaniya “Real”ı əvvəllər də mübarizədən kənarlaşdırdığı Almaniya “Şalke”sinin qonağı kimi gücünü göstərməyə çalışacaq. La Liqanın son turundakı qalibiyyətdən sonra “Real” üzərindəki təzyiqi nisbətən ata bilib. Ancaq “kral klubu”nun heyətlə bağlı problemləri var. Uzun müddətdi yaşıl meydanlardan kənarda qalan Luka Modriçlə yanaşı, Xames Rodriges və Serxio Ramosun da “Şalke”yə qarşı oynamayacağı dəqiqdi. Bundan əlavə, Pepenin iştirakı sual altındadı.
Günün digər oyununda isə “Porto” İsveçrədə “Bazel”lə üz-üzə gələcək. H qrupunun birincisi ilə B qrupunun ikincisinin duelində “Portu”nun şansı daha yüksək qiymətləndirilir.
1/8 final, ilk oyunlar
17 fevral
23:45. PSJ (Fransa) - “Çelsi” (İngiltərə)
23:45. “Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)
18 fevral
23:45. “Şalke” (Almaniya) - “Real” (İspaniya)
23:45. “Bazel” (İsveçrə) - “Porto” (Portuqaliya)