Bank Of Baku

Sovet futbolunun canlı əfsanəsi: “AFFA rəhbərliyi məni milli komandaya dəvət etmişdi”

Sovet futbolunun canlı əfsanəsi: “AFFA rəhbərliyi məni milli komandaya dəvət etmişdi”
# 12 aprel 2013 14:19 (UTC +04:00)

Bakı – APA. “Bir vaxtlar mənim Azərbaycan yığmasında işləyəcəyim barədə söhbətlər gedirdi. Onda Ukrayna milli komandasını çalışdırırdım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ukrayna yığmasının sabiq baş məşqçisi Leonid Buryak deyib.

 

Kiyev “Dinamo”sunun və SSRİ yığmasının əfsanəvi futbolçularından olan Buryak əvvəlki AFFA rəhbərliyinin dövründə ölkəmizdən təklif aldığını bildirib.

 

Belə ki, hələ braziliyalı Karlos Alberto Torres millimizə rəhbərlik etməzdən öncə – 2004-cü ilin əvvəlində Buryakın yığmamıza gəlişi gözlənilirdi. Belə variantın olduğunu təsdiqləyən 60 yaşlı mütəxəssis bildirib ki, millimizdən gələn təklifi həmin vaxt başqa vəzifədə işlədiyi üçün qəbul etməyib: “O vaxt Azərbaycandan zəng vurub, məni milli komandanıza dəvət etmişdilər. Ancaq həmin vaxt mənim müqaviləm vardı, Ukrayna millisində işləyirdim. Anlaşmanı pozub, başqa ölkəyə getmək istəmədim. Bu söhbət təxminən 8-9 il öncə olub”.

 

Maraqlıdır, hazırda işsiz olan Buryak yenidən ölkəmizdən təklif alarsa, qəbul edərmi? “Bunu danışmaq lazımdır. Görək necə komandadır, nə istəyir, arxasında kim durub. Yalnız işləmək xətrinə gəlmək mənasızdır. Mənim həyatda vaxtımı itirməyə yerim var. Əgər işləməyə gedirsənsə, klub, ölkə üçün nəsə etməlisən”.

 

Qeyd edək ki, Buryak “Dinamo”nun heyətində 5 dəfə SSRİ çempionu, 1975-ci ildə UEFA kuboku və Superkubokunun qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR