Əvvəlki illərlə müqayisədə budəfəki qurultayda klub üzvlərinin aktiv iştirak etməməsi diqqəti cəlb edir ki, bunun da əsas səbəbi U.Aysala bu seçkilərdə heç bir rəqibinin olmaması ilə bağlıdır.
Hazırda sədrin seçilməsi ilə bağlı say komissiyalarına daxil ediləcək üzvlərin seçkisi aparılır.
APA-nın məlumatına görə, sadəcə seçki gündəmi ilə toplanan qurultayda klubun hazırkı başçısı Ünal Aysal klub prezidentliyinə yeganə namizəd olduğuna görə, onun hesabat məruzəsi və növbəti dönəm üçün planları dinlənilmədən qurultayda birbaşa seçkiyə keçilib. Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq səsvermədən sonra səslərin sayılmasına başlanılacaq.
Qurultayda APA-ya açıqlama verən «Qalatasaray» təhsil fondunun prezidenti İnan Kıraç gələn həftə Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşəcəyi gözlənilir: «Bakıya Süleyman Dəmirəl prezident olanda onunla getmişdim. İndi Azərbaycanın çox inkişaf edib dəyişdiyini bilirəm. Həm dəyişiklikləri görmək, həm də gələcəkdə qardaş ölkədə yapa biləcəyimiz layihələr hazırlamaq üçün Bakıya getməyi çox istəyirdim, bu vaxta qismət oldu».
APA-nın «Qalatasaray»ın Azərbaycandakı tərəfdarları ilə də görüşməyi planlaşdırırsınızmı?» sualına İ.Kıraç deyib ki, «təbii ki, oradakı tərəfdarlarımızla da görüşüb əlaqələrimizi daha da sıxlaşdırmağın yollarını müzakirə edə bilərik».
Qurultay davam edərkən APA-nın «Son 2 ildə «Qalatasaray» yenidən sıçrayışa keçib, böyük uğurlar əldə edib. Klubun gələcəyi ilə bağlı proqnozlarınız necədir?» sualına cavab verən qurultay nümayəndəsi, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül «Ünal Aysal başqanımız seçiləndən sonra «Qalatasaray» müdhiş bir yüksəliş əldə edib. Keçmiş başqanların buraxdığı nöqtədə işi təhvil alan Ünal Aysal təcrübəsi və çalışma əzmi ilə «Qalatasaray»ı həm Türkiyədə, həm də dünyada çox fərqli zirvələrə aparacaq, buna inanıram. Bu mövsümdə Ünal Aysalın başqanlığında «Qalatasaray»ın Avropa Çempionlar Liqasında finala qədər yüksələcəyinə ümid edirəm» deyib.