Bakı – APA. Bu gün AFFA-nın Klublar Komitəsinin (KK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Boulevard Hotel Baku”də start götürən tədbirdə Topaz Premyer Liqasında mübarizə aparan 10 klubdan 9-nun nümayəndəsi qatılıb.
Belə ki, toplantıda "Qarabağ" nümayəndəsi iştirak etməyib. Əvəzində iştirakçılar arasında "İnter"in yeni prezidenti Rəşad Qasımov da yer alıb.
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun sədri olduğu komitənin yığıncağında Fariz Nəcəfov ("Qəbələ"), Elnur Məmmədov ("Neftçi"), İlqar Axundov ("Rəvan"), Vüqar Aslanov ("Zirə"), Kamran Quliyev ("Sumqayıt"), Fikrət Hüseynov (AZAL), Mehman Allahverdiyev ("Kəpəz") və Rəşad Qasımov ("İnter") bir araya gəlib.
Yığıncaqda Klublar Komitəsinin rəhbərliyində dəyişiklik olub. Belə ki, qurumun sədri Tuyqun Nadirov postundan istefa verib.
Komitəyə yarandığı gündən rəhbərlik edən “Xəzər Lənkəran”ın vitse-prezidenti qərarını bu gün baş tutan yığıncaqda açıqlayıb. Ötən ilin dekabrından fəaliyyətə başlayan komitədə 1 il çalışan Nadirov addımını bundan sonra diqqətini “ağ-yaşıllar”a yönəltmək istəyi ilə əlaqələndirib.
Artıq iclasda komitənin yeni sədri müəyyənləşib.
İclasda klub nümayəndələri arasında keçirilən səsvermədə AZAL klubunun rəəsmisi 6 səslə yeni sədr seçilib. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov 2, “Simqayıt”ın prezidenti Kamran Quliyev isə 1 səs toplayıb. Fikrət Hüseynov səsvermədən sonra qısaca bunları deyib: “Klublar Komitəsinin bir il əvvəl yaranması çox gözəldi. Mən buranı bir ailə hesab edirəm. Burda öz problemlərimizdən də, gözəl günlərdən də danışırıq. Heç kimi ayırmırıq burda. Təşəkkür edirəm məni seçdiyiniz üçün. Ən azı bir il bu şəkildə davam edəcəyinə inanıram”.