Bank Of Baku

Vaqif Sadıqov: “Hər gün 2 nəfəri AFFA-ya dəvət edəcəyik”

Vaqif Sadıqov: “Hər gün 2 nəfəri AFFA-ya dəvət edəcəyik”
# 09 dekabr 2014 15:16 (UTC +04:00)

Bakı – APA. “Bu gün U-15 və U-16-nın baş məşqçiləri ilə görüşdük. Belə görüşləri davam etdirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

Təcrübəli mütəxəssis bugünkü iclas və sonrakı planlar barədə söhbət açıb: “Təbriz Həsənov və Aslan Kərimovla da görüşümüz səmərəli keçdi. Planları ilə tanış olduq. Problemləri ilə maraqlandıq və onlara həmişə dayaq olacağımızı bildirdik. Bundan əlavə, tövsiyələrimizi verdik. Biz aşağı yaş qrupları üzrə yığmalarımızı həmişə nəzarətdə saxlayacağıq”.

 

Qeyd edək ki, Məşqçilər Komitəsi dünən U-17 və U-19-un baş məşqçiləri ilə də görüşüb. Həmin iclasa qatılmayan Sadıqov səbəbini belə izah edib: “Naxoşlamışdım. Dünən qızdırmam var idi. Buna görə də, iclasa qatıla bilmədim. Amma indi hər şey qaydasındadı”.

 

Fəaliyyətə başladığı gündən aktivliyi ilə seçilən Məşqçilər Komitəsi klubların idman direktorları ilə də görüşəcək. Bununla bağlı da danışan Sadıqov həmin görüşlərin futbolumuzun xeyrinə olacağını deyib: “Dekabrın 11-dən etibarən klubların idman direktorları ilə görüşəcəyik. Təbii ki, hamısı ilə bir gündə görüşə bilmərik. Hər gün 2 nəfər olmaqla, AFFA-nın binasına dəvət edəcəyik”.

 

Məşqçilər Komitəsinin qarşısında duran tapşırıqlardan biri komitəyə beşinci üzvü seçmək və U-21-ə namizədlərin siyahısını təqdim etməkdi: “Beşinci üzvlə bağlı hərə öz namizədini təklif etdi. Hələ ki, kimin seçiləcəyi bilinmir. Amma onu deyim ki, nizamnamənin tələblərinə uyğun məşqçi olacaq. O ki qaldı U-21-ə, 4-5 namizədin adını təqdim edəcəyik. Təbii ki, bizim namizədlərimiz yerli məşqçilər olacaq. Dekabrın 16-na kimi vaxtımız var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR