Bakı – APA. “Xorvatiya yığmasının qapısına təyin olunan penalti qərarı düzgün deyildi”. Bunu apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
Dünya çempionatının açılış matçında keçirilən Braziliya – Xorvatiya oyununun 70-ci dəqiqəsində baş hakim Yuiti Nuşimura diqqət mərkəzinə düşdü. Yaponiyalı referinin avropalıların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi müəyyən müzakirələrə səbəb oldu.
Məmmədovun fikrincə, hakim həmin epizodu dəqiq görmədiyi üçün “ağ nöqtə”ni göstərib: “Həmin epizodda hakim düzgün mövqe seçməmişdi. Ona görə də epizodu dəqiq görmədi. Nişimura cərimə meydançasının önündə idi. O, futbolçuların arxası qapıya tərəf olduğundan, dəqiq qərar verə bilmədi. Çünki görmədi ki, müdafiəçi hücumçunu arxadan çəkir, ya yox. Formal olaraq, orada qayda pozuntusu var idi. Amma aşkar qayda pozuntusu deyildi. Hücumçu müdafiəçinin əlaqəsindən məharətlə istifadə edib yıxıldı. Penalti təyin olunmamalı idi”.
Maraqlıdır, HK sədrinin səlahiyyətində olsaydı, açılış matçının baş hakiminə hansı qiymət verərdi? Məmmədov bildirib ki, Nişimura yüksək qiymət düşmür: “Onun alacağı qiymət birmənalıdır. Aşkar səhv var və bu halda maksimum 7,9 bal alacaq”.