Bakı – APA. “Düşdüyümüz qrupun aşkar favoriti təbii ki, Almaniyadı. Bizim konkret hansı yer uğrunda oynayacağımızı söyləmək doğru olmaz. Sadəcə, onu deyə bilərəm ki, çalışacağıq bacardığımız qədər çox xal toplayaq”. Bu sözləri apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.
U-21 yığmamızın Avro-2017-nin seçmə mərhələsində düşdüyü qrupu dəyərləndirən təcrübəli mütəxəssis futbolçulara güvəndiyini vurğulayıb: “Çətin qrupa düşmüşük. Ümumiyyətlə, 1-ci qrup istisna olmaqla, digər qrupların hamısı çətindi. Çətin də olsa, asan da olsa, hazırlaşıb oynamaq lazımdı. Baxmaq olmaz ki, rəqib Almaniyadı və ya bir başqası. Hər rəqibə qarşı eyni formada mübarizə aparmaq lazımdı. Futbolçularımız gərək özlərinə inansınlar, rəqibin adından çəkinməsinlər. Mən onlara inanıram”.
Dünən İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada iştirak edən Yaşar Vahabzadə qrupdakı rəqiblərin baş məşqçiləri ilə görüşündən də danışıb: “Rəqiblərin baş məşqçiləri ilə püşkatmadan sonra görüşdük. Əsasən, Rusiya yığmasının çalışdırıcısı Nikolay Piserevlə söhbət etdim. Onunla çoxdan tanışlığım var. Piserev bildirdi ki, Sovet dönəmində “Neftçi”yə qarşı Bakıda oynamaq necə çətin idisə, indi də sizinlə səfər görüşümüz çətin olacaq”.
Baş məşqçi, həmçinin qrupun təqvimini müəyyənləşdirərkən çətinlik çəkmədiklərini də qeyd edib: “Qrupdakı komandaların rəsmiləri bir araya gələn kimi, Finlandiya nümayəndəsi təklif irəli sürdü ki, mart və iyun aylarında qrupumuzda oyunlar olmasın. Digər komandaların hamısı bununla razılaşdı. Yalnız bizim təqvimdə boş yer qalmadığından, Farer adaları ilə oyun iyuna salındı”.
Qeyd edək ki, U-21 millimiz Avro-2017-nin seçmə mərhələsində Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları ilə eyni qrupda mübarizə aparacaq. Komandamız ilk oyununu iyunun 15-də səfərdə Farer adalarına qarşı keçirəcək.