Bakı – APA. “Avropada 17 yaşlı futbolçu əsas millidə oynayır. Biz kimlərə gənc deyirik, bilmirəm. Belə baxanda klublardakı yerlilərin əksəriyyətinin yaşı azdı. Amma mən 16-17 yaşlı futbolçuya gənc deyirəm. Daha 23 yaşlı oyunçunu gənc saymıram”. Bu sözləri apasport.az saytına milli komandamızın məşqçisi Elxan Abdullayev deyib.
Yeni baş məşqçi Robert Prosineçkinin köməkçilərindən olan Abdullayev yığmada gəncləşdirmə siyasəti aparılacağı fikri ilə razılaşmır: “Bizim millimiz onsuz da, yaşlı deyil. Orta yaş 23-dü. Foqtsun vaxtında da belə idi. 2-3 nəfər veteran var idi. Onlar da olmalıdı ki, gənclər həmin təcrübəlilərlə bir yerdə məşq edib nəsə öyrənsinlər”.
Təcrübəli mütəxəssis yığmada yeni simaların olacağını da əlavə edib: “Antalyada olduğumuz 15 gün ərzində klubların bütün oyunlarını izlədik. Təbii ki, bəyəndiyimiz oyunçular oldu. Onların adlarını da baş məşqçiyə təqdim edirik. Robert Prosineçkinin də öz siyahısı var. Məncə, millidə yeni adlar görəcəksiniz. Ümumiyyətlə, bizim ən ciddi problemimiz odu ki, futbolçularda stabillik yoxdu. Məsələn, elə oyun oldu ki, hansısa futbolçu çox xoşuma gəldi. Amma növbəti görüşdə həmin oyunçu zəif çıxış etdi. İlk növbədə oyunçular bu çatışmazlığı aradan qaldırmalıdılar”.