"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT İnsan Hüquqları Şurasının İranla bağlı iclasında iştirak edib

"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT İnsan Hüquqları Şurasının İranla bağlı iclasında iştirak edib
# 12 iyul 2023 15:10 (UTC +04:00)

"Ərk" - Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin nümayəndə heyəti BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 53-cü sessiyasında iştirak edib.

APA xəbər verir ki, 4, 5 və 6 iyul tarixlərində Cenevrədə olmuş nümayəndə heyəti toplantıda aktiv iştirak edib.

Məlumata görə, nümayəndə heyətində 7 nəfər - Fransadan Jalə Təbrizli, Cəmşid Bornak, Maşallah Rəzmi, İngiltərədən Alison Əfşari, Mehyar Əfşari, Almaniyadan Səid Xətai və İsveçdən Nima Hesabian təmsil olunub.

Qeyd olunub ki, "Ərk" cəmiyyəti "Bütün İran üçün İnsan Haqları" icmasından iki nəfər - Dr. Həsən Naib Haşim və Şölə Zəmini (Avstriya) üçün də BMT-yə giriş vəsiqəsi alıb və hər iki nəfər iclasda iştirak etmək üçün Cenevrəyə səfər ediblər.

Bildirilib ki, "Ərk" cəmiyyətinin Cenevrəyə gəlməkdə məqsədi “Həqiqəti Araşdırma Komitə”sinin üzvləri ilə görüşmək, onların hesabatlarını dinləmək olub.

Bildirilib ki, BMT İraq və Suriyadakı vətəndaş müharibələri ilə bağlı faktaraşdırıcı komitələr yaradır. Lakin istisna olaraq, İranda ümummilli etirazlar zamanı, 24 noyabr 2022-ci ildə İnsan Hüquqları Şurası etirazları növbədənkənar iclasda araşdırıb və İranın repressiv qüvvələri tərəfindən etirazçı və müdafiəsiz insanların öldürülməsinə görə, İran İslam Respublikasına qarşı 10 bəndlik qətnamə qəbul edib. Qeyd olunub ki, həmin qətnamənin 7-ci maddəsi İranın ümummilli etirazlarında repressiyaların ölçülərinin aydınlaşdırılması, sənədlərin və sübutların toplanması məqsədilə faktaraşdırıcı komitənin yaradılması haqqındadır. Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının növbədənkənar iclasında sözügedən komitənin yaradılması üç hüquqşünasa həvalə edilib. Bunlar Banqladeş əsilli Sara Hüseyn, Pakistan əsilli Şahin Sərdar Əli və argentinalı Viviana Kristiçeviçdir.

Vurğulanıb ki, hazırda faktaraşdırıcı komissiyanın 21 üzvü var və farsdilli qurbanlarla söhbət etmək üçün bir neçə farsdilli əfqan və iranlı hüquqşünas da bu komitəyə qoşulub.

Məlumata görə, İranda keçirilən ümummilli etiraz aksiyaları “qadın inqilabı” adlandırıldığından komitənin üç əsas üzvü məhz qadınlar arasından seçilib.

Bildirilib ki, iyulun 5-də səhər saat 10-da Sara Hüseyn komitənin fəaliyyəti haqqında qısa məlumat verib. Daha sonra İranın insan haqları rəsmisi və İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndəsi Qərib Abadi çıxış edərək komitənin yaradılmasını tənqid edib və qalan sözlərini yazılı şəkildə komitəyə təqdim edəcəyini bildirib. Toplantıda İranda insan haqlarının pozulmasından danışılıb, Avropa və Amerika ölkələrinin nümayəndələri, həmçinin onların müttəfiqləri İran İslam Respublikasını öz xalqını repressiyaya məruz qoyduğuna görə tənqid ediblər.

Bununla belə, iclasda bir sıra ölkələr, o cümlədən Rusiya, Çin, Belarus və Kuba komitənin yaradılmasını lüzumsuz hesab edərək, Qərbin insan haqları ilə bağlı siyasətini ikili standart adlandırıblar və İranın daxili işlərinə qarışmamaq lazım olduğunu bildirdilər. İran İslam Respublikasının Cenevrədəki nümayəndəsi Məhəmməd Sadatinejad Qərb nümayəndələrinin mövqeyinə qarşı çıxsa da, ona cavab verilib.

Cəmiyyətin məlumatına görə, ümumilikdə iclasda iştirak edən ölkələrin nümayəndələrinin dörddə üçü İran İslam Respublikasını pisləməklə faktaraşdırıcı komitənin işini dəstəkləyib.

"Ərk" - Azərbaycan İnsan Hüquqları Cəmiyyəti çıxış edənlərin siyahısında 13-cü yerdə olub. Sözügedən iclasda yalnız 10 qeyri-hökumət təşkilatının çıxışına yer verilib.

Avropa ölkələrinin nümayəndələrinin əksəriyyətinin iştirak etdiyi toplantını farsdilli üç telekanal – “İran İnternational”, BBC və “Amerikanın Səsi” birbaşa yayımlayıb.

Qeyd olunub ki, "Ərk" Cəmiyyətinin nümayəndələri üç gün ərzində mütəmadi olaraq müsahibələr, görüşlər və danışıqlar aparıblar. Cəmiyyətin faktaraşdırıcı komitə ilə görüşə hazırlaşdığı bildirilib.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR