Bank Of Baku

Azərbaycanın ədliyyə naziri: “Məhkəmələrə müraciət edənlərin sayı artıb”

Azərbaycanın ədliyyə naziri: “Məhkəmələrə müraciət edənlərin sayı artıb”
# 12 sentyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İki il ərzində 50 hakim haqqında intizam icraatı həyata keçirilib, korrupsiya hüquq pozmalarına şərait yaradan 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 hakimin isə vəzifəsi aşağı salınıb”. APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün keçirilən “Doing Biznes – 2009” Azərbaycan üzrə nəticələrinin təqdimatında deyib. O bildirib ki, artıq Azərbaycanda hakimlərin müddətsiz təyinatı qaydası tətbiq olunmağa başlanılıb: “Azərbaycan Avropada hakimlərin sayına görə sonuncu yerdə idi. Hər 100 min nəfərə cəmi 4 hakim düşürdü. Bu da işin keyfiyyətsiz baxılmasına, əlavə yüklənməyə və süründürməçiliyə səbəb olurdu. İndi isə hakimlərin sayı 50 faiz artırılıb. Eyni zamanda yeni tətbiq olunan seçim qaydasına əsasən hakim olmaq istəyən 1700 nəfərdən cəmi 150 nəfər imtahanlardan keçə bilib. Beləliklə, 1 il ərzində 157 hakim yeni təyinat alıb”.
Ədliyyə naziri məhkəmələrin sayının artırılması ilə bağlı aparılan islahatlardan da danışıb: “İnsanların məhkəmələrə müraciətinin asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr yaradılıb. Ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir və hər birində də iqtisad kollegiyası mövcuddur. Məhkəmələrin fəaliyyətində aşkarlığın olması üçün yuxarı məhkəmələrin qərarları dərc olunur və ictimaiyyətə çatdırılır. İqtisad məhkəmələrində proseslərin audio yazılışı aparılır. Bu da obyektivlik üçün əhəmiyyətlidir”.
Məhkəmələrə müraciətlərin artdığını da deyən F. Məmmədov apelyasiya məhkəmələrində ləğv olunan qərarlarının sayının 1,5 dəfə azaldığını da deyib: “Bu məhkəmələrə inamın artması ilə bağlıdır. Ötən ilin birinci yarım ili ilə müqayisə etsək, məhkəmələrə müraciətlərin sayı 15 faiz artıb. Apelyasiya şikayətlərinin sayı 80 faiz azalıb. Təmin olunan iddiaların sayı 90 faizə çatıb. Bu da islahatların nümunəsidir. Bəzi məhkəmələrdə hakimlərin sayı isə 2 dəfə artırılıb”. Nazir ölkədə vəkillərin sayının artırılması istiqamətində də işlər görüldüyünü deyib: “Azərbaycanda 370 vəkil fəaliyyət göstərirdi. İslahatlar nəticəsində bu rəqəm 2 dəfə artıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR