Bank Of Baku

Erməni əsirliyində olan Rafiq Həsənovun atası: “Oğlumun əsir götürüldüyünü televiziyadan eşitdik”

Erməni əsirliyində olan Rafiq Həsənovun atası: “Oğlumun əsir götürüldüyünü televiziyadan eşitdik”
# 23 oktyabr 2008 12:37 (UTC +04:00)
Komandir mənə dedi ki, get oğlunu Bakıda axtar, Rafiq Bakıya qaçıb, görən olub. O, Rafiqin Bakıya Marneuli avtobusu ilə getdiyini bildirdi. Mən də getdim posta, orada iki uşaqla söhbət elədim. Uşaqlar mənə dedilər ki, Rafiq Bakıya getməyib, hardasa bu ərazilərdədir, heç yana çıxmayıb”. Bu sözləri APA-nın Qarabağ bürosuna oktyabrın 8-də Qazax rayonunun Kəmərli kəndi istiqmətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Rafiq Həsənovun atası, Ağdam rayon Yusifcanl kənd sakini, hazırda rayon ərazisində məcburi köçkünlər üçün salınmış “Səfərli” qəsəbəsində məskunlaşmış Rəhman Həsənov deyib.

O, axırıncı dəfə oğlu ilə avqustun 16-da hospitalda görüşdüyünü bildirib: “Rafiq mənə zəng eləmişdi ki, həkim barmağını kəsir, tez özümüzü çatdıraq. Biz də getdik həkimlə danışdıq. Həkim dedi ki, narahat olmayaq, laboratoriya analizləri göstərir ki, ayağı kəsmədən müalicə mümkündür. Görüşdə Rafiq dedi ki, ayağına akasiya tikanı batıb. Sonradan tikanın yeri irinləyib, şişdiyinə görə onu hospitala göndəriblər. Uşaq müalicə olunandan sonra qayıtdı xidmət yerinə”. Rafiqin sonuncu dəfə oktyabrın 6-da xalası oğlu ilə telefonla danışdığını deyən əsir atası danışıq zamanı oğlunun əhvalının yerində olduğunu söyləyib: “Bir də soruşub ki, atamgil yanıma nə vaxt gələcəklər?! Ayın 8-də də xəbər çıxdı ki, Rafiq qaçıb Bakıya...”

İndiyədək heç kimin onlarla maraqlanmadığını qeyd edən R. Həsənov oğlunun ermənilər tərəfindən əsir götürülməsi haqda televiziyadan xəbər tutduqlarını bildirib: “Heç deyən yoxdur ki, mənim balamdan nə xəbər var. Qapımı ilk dəfə siz açırsınız. Bir də qohum-əqrəbam... Nə Qırmızı Xaçdan, nə də başqa yerdən gəlib maraqlanan, oğlumun taleyindən mənə bir xəbər verən olub”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Dövlət Komissiyasına hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkildiyi, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu barədə məlumat verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyi də əsgər Rafiq Həsənovun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, əsgərin hansı şəraitdə əsir götürülməsi ilə bağlı araşdırma aparılır. Nazirlik sözçüsü R. Həsənovun bu ilin aprel ayında Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR