Bank Of Baku

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
# 02 dekabr 2008 16:02 (UTC +04:00)
Bakı-APA. Bu gün Daxili İşlər Nazirliyində “DİN-in Kollegiya qərarlarının icra vəziyyəti”nə, “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin nəticələri”nə həsr olunan kollegiya iclası keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-rolkovnik Ramil Usubov əvvəlki Kollegiya iclasından ötən dövr ərzində Azərbaycanda prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanmasını başa çatmaqda olan ilin ən önəmli hadisəsi adlandırıb. Nazir seçkilərdə qələbə qazanması münasibətilə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından dövlət başçısını təbrik edib.
R. Usubov qeyd edib ki, daxili işlər orqanları tərəfindən əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb. R. Usubov təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin də insan hüquq və azadlıqlarının təmini baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış edib. O, deyib ki, DİN-in Mərkəzi Aparatında, ərazi orqanlarında və nizami hissələrdə idarəçilik mexanizminin təkmilləşdirilməsi, qüvvə və vasitələrin çevikliyinin artırılması, dəyişən şəraitdə fəaliyyətin optimallaşdırılması, əməliyyat mövqelərinin möhkəmləndirilməsi və kriminogen duruma nəzarətin gücləndirilməsi üzrə davamlı tədbirlər görülür. Prezidentin tələblərinə uyğun olaraq nazirlik rəhbərliyi tərəfindən beynəlxalq təcrübəyə cavab verən yeni metodların və informasiya texnologiyalarının tətbiqi üzrə ardıcıl iş aparılır. Qeyd olunub ki, son 3 ildə 16 Kollegiya iclası keçirilib və müzakirələrin nəticələri üzrə 28 qərar qəbul olunub. Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edib. İclasa yekun vuran R. Usubov gündəlikdəki hər iki məsələ üzrə rolis orqanları tərəfindən görülən işlərin ümumən qənaətbəxş olduğunu, tutulmuş iradlardan lazımi nəticə çıxarılaraq fəaliyyətin səmərəsinin artırılması ilə nəticələnən tədbirlər görüldüyünü bildirib. Bununla belə, ayrı-ayrı polis orqanlarında bu işin günün tələbləri səviyyəsində qurulmadığı, nöqsan və çatışmazlıqların aradan qaldırılmasında süstlük göstərildiyi, bu yönümdə icra intizamının və icraya nəzarətin zəif olduğu qeyd olunub. Nazir xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da nəzərə çatdıraraq konkret tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR