Bank Of Baku

Xalq artisti İlhamə Quliyevanın oğlu məhkəmədə ifadə verib

Xalq artisti İlhamə Quliyevanın oğlu məhkəmədə ifadə verib
# 03 dekabr 2008 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Orxan Nadirov və Qulami Zübeydənin ifadəsi alınıb. O. Nadirov ittiham aktı üzrə özünü təqsirkar bilmədiyini deyib. O, Yalçın Həsənovla uzun müddət dostluq münasibətində olduğunu və bu müddət ərzində onunla “ekstazi” barəsində heç bir söhbətinin olmadığını bildirib: “Mən keçən ilin noyabr ayında Yalçının xahişi ilə Türkiyəyə getdim. Yalçın mənə Türkiyədə ona məxsus sənədlərin qaldığını və onları Bakıya gətirməyimi xahiş etdi. Mən də onun xahişini yerə salmadan İstanbula getdim və Yalçına məxsus çantanı orda mənə bir Türkiyə vətəndaşı verdi. Həmin türk həmçinin mənə bir qutu “Megapes” adlanan vitamin verərək Yalçına çatdırmağı xahiş etdi.”
Aldığı vitaminləri icazəli şəkildə Bakıya gətirdiyini vurğulayan O. Nadirov istintaq zamanı Milli Təhlükəsizlik Nazirliyində vəkilsiz ifadəsinin alındığını və ona görə də ittiham aktında əks olunan ifadəsinin həqiqətə uyğun olmadığını qeyd edib. Təqsirləndirilən şəxs deyib ki, istintaq zamanı verdiyi ifadə videolentə alınsa da, ittiham aktında yazılanlar həmin lent yazısında əks olunmayıb. Təqsirləndirilən şəxslərin vəkilləri hakimdən həmin lent yazısının məhkəmədə nümayiş etdirilməsini xahiş ediblər. Hakim A. Orucov növbəti proseslərdə lent yazısının nümayiş etdiriləcəyini bildirib.
Daha sonra məhkəmədə ifadə verən Z. Qulami də özünü ittiham aktı üzrə təqsirkar bilmədiyini söyləyib. O, təqsirləndirilən şəxslərdən Ruslan Rüstəmov və Həsən Həsənovla münasibətlərinin olduğunu, digərlərini isə ümumiyyətlə, tanımadığını bildirib. Z. Qulami həmçinin ifadəsində “ekstazi” ilə bağlı onlarla heç bir iş birliyində olmadığını da məhkəmənin diqqətinə çatdırıb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR