Bank Of Baku

Dövlət Komissiyası: “Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənovun sağ olmaması ilə bağlı atasının ehtimalı düzgün deyil”

Dövlət Komissiyası: “Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Rafiq Həsənovun sağ olmaması ilə bağlı atasının ehtimalı düzgün deyil”
# 04 dekabr 2008 08:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycan Ordusunun əsir götürülmüş əsgəri Rafiq Həsənovun artıq sağ olmaması ilə bağlı atasının ehtimalı düzgün deyil”. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Onun sözlərinə görə, Komissiya tərəfindən Rafiq Həsənovun Azərbaycana qaytarılması ilə bağlı bütün zəruri addımlar atılır: “Hazırda biz bu müraciətlərin nəticəsini gözləyirik. Müraciətlər əsir qaytarılana qədər davam edəcək”.
Ş. Sayılov bildirib ki, komissiya erməni tərəfi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi vasitəsilə əlaqə saxlayır: “BQXK-nin Azərbaycan nümayəndəliyi Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxlayır və bizim sözümüzü onlara çatdırır”.
Komissiyanın katibinin sözlərinə görə, Rafiq Həsonovun taleyi ilə bağlı bu gün yenidən erməni tərəflə danışıqlar aparılacaq: “Görüşün nəticəsinin necə olacağını indidən bilmirik”.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva da APA-ya bildirib ki, Rəhman Həsənovun oğlunun artıq sağ olmaması ilə bağlı ehtimalının heç bir əsası yoxdur: “BQXK nümayəndələri sonuncu dəfə noyabrın 21-də Rafiq Həsənova baş çəkiblər. Ona baş çəkilirsə, deməli, o sağdır. Rafiq Həsənova hər həftə baş çəkmək imkanı yaratmaq bizdən asılı deyil. Biz Ermənistan hökumət orqanlarına müraciət edirik. Onlar nə vaxt imkan yaratsalar, bizim nümayəndələr də onda baş çəkirlər”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının BQXK-ya müraciətinə gəlincə, G. Quliyeva bildirib ki, onlar hakimiyyət orqanları ilə danışıqlar aparırlar. Lakin bu danışıqlar konfidensial aparıldığı üçün nəticəsi açıqlanmır.
Qeyd edək ki, əsirin atası Rəhman Həsənov oğlunun sağ olmasına şübhə ilə yanaşdığını bildirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu bu il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR