Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib

İlhamə Quliyevanın oğlunun və digərlərinin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib
# 04 dekabr 2008 10:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, “Kapitalbank”ın Səbayel rayon filialının kredit şöbəsinin əməkdaşı Ruslan Zalıyev və Kəmalə Eyvazovanın ifadələri alınıb. Bank işçisi R. Zalıyev məhkəməyə verdiyi ifadəsində ona qarşı irəli sürülən ittiham aktı üzrə özünü təqsirkar bilmədiyini qeyd edib. O, Yalçın Həsənovla dost olduğunu deyib. R. Zalıyev bildirib ki, Y. Həsənov maşın alveri ilə məşğul olduğu üçün kredit işi ilə əlaqədar tez-tez ona müraciət edib. Təqsirləndirilən şəxs “ekstazi” adlanan psixotrop maddəni də ilk Y. Həsənovun əlində görüdüyünü bildirib: “Mən Yalçından soruşdum ki, bu nədir? O da mənə cavab verdi ki, bu həb insanın kefini düzəldir. Sonra Yalçından o həbdən mənə verməyini xahiş etdim və ondan 12 ədəd “ekstazi” götürdüm. Götürdüyüm həblərin müqabilində isə Yalçına pul ödəməmişəm.”
R. Zalıyev həmçinin istintaqa verdiyi ifadəsinin dəyişdirildiyini və həbs olunan zaman onun üzərində olan 2000 manat pulun əməliyyatçılar tərəfindən müsadirə olunduğunu söyləyib.
Daha sonra məhkəmədə ifadə verən K. Eyvazova da ittiham aktı üzrə özünü təqsirkar bilmədiyini qeyd edib. O, təqsirləndirilən şəxs Əli İsmayılovla qeyri-qanuni nigahda yaşadığını və “ektazi” adlanan psixotrop maddələri də ondan alaraq istifadə etdiyini etiraf edib. K. Eyvazova “ekstazi”dən bədənində olan kəskin ağrılara qarşı mübarizə aparmaq məqsidi ilə istifadə etdiyini söyləyib. O, həmçinin “ekstazi”dən ilk dəfə Mahir Mirsalamovun bağ evində bilmədən istifadə etdiyini də məhkəmənin diqqətinə çatdırıb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Onlar bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR