Bank Of Baku

“Azərbaycan-Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə 62 kiloqrama yaxın həşişin daşınmasının qarşısı alınıb

“Azərbaycan-Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə 62 kiloqrama yaxın həşişin daşınmasının qarşısı alınıb
# 04 dekabr 2008 11:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Azərbaycan-Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb. MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, əməliyyat nəticəsində 62 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanıb.

Azərbaycan vətəndaşları - Xangəldi Əliyev, onun qardaşı Firuz Əliyev, Rauf Əhədov, Azər Quliyev və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan həşişi satış məqsədi ilə Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Rusiya Federasiyasına aparmağa cəhd göstəriblər. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən bu niyyətlərini başa çatdıra bilməyiblər.

Müəyyən edilib ki, Rauf Əhədov 2008-ci ilin oktyabr ayının əvvəllərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə aralarındakı cinayət razılaşmasına əsasən, ondan Rusiya Federasiyasına aparmaq məqsədi ilə 11 kiloqram 500 qrama yaxın həşiş alıb. Xangəldi Əliyev həmin narkotiki Rauf Əhədovdan götürmək barədə sövdələşib və bu məqsədlə qardaşı Firuz Əliyevi Rusiyadan Azərbaycana göndərib. Bir müddətdən sonra Xangəldi Əliyev qardaşının Rauf Əhədovdan aldığı narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiyaya aparmaq üçün özü də Bakıya gəlib. Firuz Əliyev Bakı Dəmir Yol Vağzalında «Bakı-Tümen» qatarının vaqonunda bələdçi işləyən Azər Quliyevlə görüşüb, narkotik vasitənin Rusiyaya aparılmasında köməklik göstərməsi müqabilində ona 5 min ABŞ dolları ödəyəcəyinə söz verib, sonuncu bu təkliflə razılaşıb.

Bu il noyabrın 29-da Firuz Əliyev Azər Quliyevin idarə etdiyi «Hyundai» markalı avtomaşınla Bakının Bakıxanov qəsəbəsinə gələrək, orada Rauf Əhədovla görüşüb. Ondan 11 kiloqram 500 qrama yaxın həşişi alaraq avtomaşında yerləşdirib. Bundan sonra onlar həmin həşişi Bakı Dəmir Yol Vağzalına gətiriblər, Azər Quliyev narkotiki bələdçi işlədiyi «Bakı-Tümen» qatarının 8-ci vaqonunun oturacağının altında xüsusi hazırlanmış gizli saxlanc yerində gizlədib.

Bu il noyabrın 30-da Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin qatarının vaqonuna baxış zamanı gizli saxlanc yerindən qrupun üzvlərinə məxsus 11 kiloqram 500 qrama yaxın narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb, Xangəldi Əliyev, Firuz Əliyev, Rauf Əhədov və Azər Quliyev saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, Azər Quliyev 2008-ci ilin noyabrın 25-də əvvəlcədən əldə edilmiş razılığa əsasən hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə Bakıdakı «Şərq Bazarı» ticarət mərkəzinin yaxınlığında görüşərək, ondan 50 kiloqramdan artıq narkotik vasitə olan həşişi qəbul edib. Həmin şəxs Azər Quliyevə narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasının Tümen şəhərinə aparıb orada ona çatdırmağı tapşırıb və bunun müqabilində 25 min ABŞ dolları ödəyəcəyinə söz verib. Azər Quliyev bu təkliflə razılaşaraq həmin narkotiklərin qablaşdırıldığı bağlamaları idarə etdiyi «Hyundai» markalı avtomaşının yük yerinə qoyaraq, iki gün avtomaşınında saxladıqdan sonra 2008-ci il noyabrın 27-də bələdçi işlədiyi «Bakı-Tümen» qatarının 8-ci vaqonunun xüsusi hazırlanmış gizli saxlanc yerində gizlədib. 2008-ci ilin dekabrın 1-də Azər Quliyevin bələdçi işlədiyi «Bakı-Tümen» qatarının 8-ci vaqonuna baxış zamanı orada xüsusi hazırlanmış saxlanc yerindən əlavə təxminən 50 kiloqram 142,4 qram həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 29, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına cəhd), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR