Bank Of Baku

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı həbs olunmuş şəxsin vəkili Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı həbs olunmuş şəxsin vəkili Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək
# 06 fevral 2009 14:56 (UTC +04:00)
Bakı. Hafz Heydərov-APA. Bakının Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında yerləşən yaşayış binasında ötən ilin dekabrında baş vermiş partlayışla əlaqədar həbs edilən Elman Niftəliyevin yaxınları Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə təqsirləndirilən şəxsin vəkili Türkel Süleymanlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sözügedən hadisə ilə əlaqədar başlanan cinayət işi düzgün aparılmır.

İstintaq materiallarında hadisənin beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 27-ci mənzilində baş verdiyinin qeyd edildiyini diqqətə çatdıran vəkil əslində partlayışın adıçəkilən mənzilin yuxarısındakı, yəni 5-ci mərtəbədə yerləşən evdə olduğunu iddia edir: “Partlayış baş verən binanın sakinləri istintaqa verdikləri ifadələrində partlayışın 5-ci mərtəbədə yerləşən mənzildə baş verdiyini bildiriblər. Lakin istintaqı aparan Bakı şəhər Prokurorluğu bunun əksi olaraq hadisənin məhz təmir işləri aparılan 27-ci mənzildə baş verdiyini söyləyir. Biz bina sakinlərinin ifadələrini üzə çıxaran zaman isə istintaq onun ehtimal olduğunu bildirir”. Hadisə baş verəndən iki gün sonra 27-ci mənzildə təmir işləri aparan 3 nəfərin – Elman Niftəliyev, Pərviz Zülfüqarov və Samir Qəhrəmanovun tutularaq Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıldığını vurğulayan T. Süleymanlı bölmədə onlara olmazın işgəncələr verildiyini söyləyib: “Polis Samiri və Pərvizi döyərək onlardan hadisəni Elmanın boynuna qoymağı tələb edib. Onlar işgəncələrə dözmədikləri üçün partlayışın Elmanın səhlənkarlığı ucbatından baş verdiyini etiraf ediblər”.

Vəkil həmçinin sözügedən cinayət işi üzrə istintaqın ədalətsiz aparıldığını və istintaqa rəhbərlik edən Bakı şəhər Prokurorluğunun müstəntiqi Xanlar Qafarovun işdən uzaqlaşdırılmasını tələb etdiklərini söyləyib. O, bundan başqa işgəncə faktları ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edəcəklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən il dekabrın 13-də Nizami rayonu, Naxçıvanski küçəsi 34 ünvanında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızmasının səbəb olduğu bildirilir. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb və bir nəfər həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR