Bank Of Baku

Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 06 fevral 2009 15:27 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2008-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralov iclasda hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində qeyd olunub ki, qabaqlayıcı-profilaktiki tədbirlərin səmərəliliyinin artırılmasının nəticəsi olaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə 2008-ci ildə qeydə alınmış qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, avtonəqliyyatın oğurluğu, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Bildirilib ki, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə, qeydə alınmayıb, törədilmiş 21692 cinayətin təxminən 88,2 faizinin açılıb, əvvəlki illərdə törədilməklə bağlı qalan 301, o cümlədən, 56 ağır və xüsusilə ağır cinayət açılması təmin olunub. 2007-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin sayının azaldığı, daxili işlər orqanları ilə birlikdə həyata keçirilmiş məqsədyönlü istintaq-əməliyyat tədbirləri sayəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 5 qəsdən adam öldürmə - 1994-cü ildə Gəncə şəhərində Elxan Əliyevin, 2004-cü ildə Qusarçay stansiyası ərazisində Zaur Veysovun, 2005-ci ildə Sumqayıt şəhəri ərazisində Arzu Səlimovanın, 2007-ci ildə Tovuz rayonunda Familə Qasımovanın və Bakı şəhərinin Nərimanov rayonunda Raquf Rüstəmovun qətlə yetirilmələri kimi ağır cinayətlərin açıldığı qeyd edilib.
Məlumata görə, həm prokurorluq, həm də istintaq fəaliyyəti ilə məşğul olan Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən ibtidai araşdırması yekunlaşdırılmış cinayət işlərinin sayı artaraq 14377-yə, ittiham aktları təsdiq olunmaqla məhkəmələrə göndərilən işlərin sayı isə 11590-a bərabər olmuş, müddət pozuntusu ilə istintaqı yekunlaşdırılmış işlərin sayı azalmaqla bütün istintaq orqanları üzrə bu göstərici 4,0 faizə bərabər olub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərin görülməsinə baxmayaraq, 14 qəsdən adam öldürmə cinayətinin, o cümlədən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarının hər birində 2, Gəncə və Sumqayıt şəhərləri, Nərimanov, Nəsimi, Qaradağ, Abşeron, Goranboy, Qəbələ, Lənkəran və İmişli rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması ciddi müzakirə predmeti olmalı, həmin cinayətlərin açılması istiqamətində daxili işlər orqanları ilə əlaqəli şəkildə Baş Prokurorluğun əlaqədar struktur qurumları və adları sadalanan rayonların prokurorları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməlidir.
İclasda 2008-ci ildə xidməti, icra və əmək intizamının pozuntusu və qanunsuzluq hallarına yol verdiklərinə görə 30 prokurorluq əməkdaşının cəzalandırıldığı, o cümlədən, 3 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluq orqanlarında xidmətlə bir araya sığmayan kobud pozuntu və qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric olunduğu diqqətə çatırılmaqla, intizamının daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov və Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlara tapşırıq verilib ki, çoxsaylı insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatı və vətəndaşlara xeyli ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış bütün cinayət işləri üzrə yüksək səviyyəli və prinsipial istintaq aparılması, kimliyindən asılı olmayaraq bu hadisələrdə təqsiri olanların hər birinin cinayət məsuliyyətinə cəlb olunmaları təmin edilsin.
İclasda Hərbi Prokurorluğunun strukturunun daha da təkmilləşdirilməsi və hərbi prokurorluq orqanlarının ixtisaslaşdırılmış kadrlarla komplektləşdirilməsi, yeni struktur qurum kimi Zaqatala hərbi prokurorluğunun yaradılması ilə bağlı zəruri təşkilati və digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR